13 yaşlı suriyalı skripkaçı: " İstəyirəm ki, müharibə tez qurtarsın..."
Serbiya-Xorvatiya sərhədi... Bura hər gün minlərlə qaçqın toplanır. APA TV-nin məlumatına görə, onlar burdan Avropanın digər ölkələrinə - Almaniya, Avstriya, İsveçə yollanırlar.
Təxminən iki min miqrantın içində bir yeniyetmə də var - Alem Alden, skripkaçı. O, Suriyadan gəlib. Sevimli alətini isə Avropada musiqi təhsili almaq üçün özü ilə gətirib. 13 yaşlı Alem ingiliscə bir az danışa bilir, böyüklərdən fərqli olaraq, jurnalistlərin suallarına da məmnuniyyətlə cavab verməyi xoşlayır.
"Musiqi mənim üçün sülh deməkdir. Musiqi həm də insanların xoşbəxt yaşaması üçündür. Mən burada təhsil almaq istəyirəm və özümdən qat-qat yaxşı musiqiçilərlə bir yerdə işləmək arzusundayam", - deyə o bildirib.
Yeniyetmə Suriyanın Homs şəhərində doğulub. Hazırda onun şəhərində şiddətli döyüşlər gedir. Ailəsi evdən çıxarkən ən lazımlı əşyaları götürüb, o isə yalnız skripkasını: "Mən vətəndə ancaq müharibə gördüm, başqa heç nə. İstəyirəm ki, müharibə tez qurtarsın və mən evimizə gedim..."