Qonşu qadını şantaj edən Gəncə sakini tutuldu

Gəncədə qonşusunu şantaj etməkdə təqsirləndirilən şəxs tutulub.

 

Gəncə şəhər Nizami Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna bildirilib ki, sentyabrın 25-də Gəncə şəhər sakini Şəfa Mahmudova (ad şərtidir) polisə müraciət edərək, həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkədə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələyərək ondan 530 manat tələb etdiyini, iyul ayından sentyabr ayınadək olan müddətdə isə əlavə 7000 manat pulunu və qızıllarını aldığını bildirib.

 

Nizami RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Məcməddinov saxlanılıb. Hələlik Anar Məcməddinov qonşusuna məxsus şəxsi məlumatların və şəkillərin ona necə gəlib çıxdığını və haradan əldə etdiyini bildirməyib.

 

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv