“Qaradəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri Bakıda

Sentyabrın 12-13-də Bakıda beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr edilmiş “Qaradəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri Müşavirəsinin X iclası keçirilib. APA TV xəbər verir ki, tədbirdə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin, Bolqarıstan, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanın kəşfiyyat xidmətləri rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

 

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. 

 

X iclasda beynəlxalq terrorçuluq, ekstremizm, habelə bu cür hüquqazidd təzahürlərin, ümumən forum dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində kəşfiyyat xidmətlərinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxışında enerji təhlükəsizliyinin aktual məsələ olduğunu, regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Ümumən terrorçuluğun, ekstremizm və radikallaşma meyllərinin, bundan irəli gələn təhdidlərin dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhlükə olduğunu bildirib. İclasın yekunları Memorandum qəbul olunub.

 

Müəllif | Apa.Tv