Bakıda film kimi qəza: bir piyadanı iki maşın vurdu
Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki şadlıq evlərindən birinin qarşısında qeydə alınıb.
Toy məclisindən çıxan hələlik kimliyi bilinməyən 50-55 yaşlarındakı kişini əvvəlcə 10 SE 574 dövlət nömrə nişanlı "Opel", daha sonra isə 90 NG 694 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil vurub. Zərbənin təsirindən piyada hadisə yerindəcə keçinib.
Olay yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, "Hyundai" markalı avtomobilin sürücüsü hadisədən dərhal sonra avtomobili ilə ərazidən qaçaraq uzaqlaşıb. Polis əməkdaşları onun avtomobilinin dövlət nömrə nişanlarından birini ərazidə tapdıqdan sonra axtarışlara başlayıblar.
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının APA TV-yə verdiyi məlumata görə, hadisənin səbəbləri ərazidəki müşahidə kameralarına baxıldıqdan sonra müəyyən ediləcək.
Qeyd edək ki, qəzadan sonra Mikayıl Əliyev küçəsində bir müddət nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Əraziyə Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunduqdan sonra yolda nəqliyyat hərəkəti əvvəlki vəziyyətinə qayıdıb. Meyit isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün morqa aparılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.