Bakıda qətl törədən şəxs İrana qaçdı

Azərbaycan paytaxtında qətl törədən şəxsin ölkədən qaçdığı məlum olub.


Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsinin əsas iştirakçısı Elməddin Ağayevin İranda gizləndiyi müəyyənləşib. Onun qaçaq yolla İran ərazisinə keçdiyi ehtimal olunur.

 

Hazırda Elməddin Ağayevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, sentyabrın 19-da Bakıdakı “Lion” kafesinin sahibinin mühafizəçisi Elməddin Xanhüseyn oğlu Ağayev və onun qardaşı Niyaməddin Ağayev 1965-ci il təvəllüdlü Ələddin Malış oğlu Qarayevi mübahisə zəminində qətlə yetiriblər. Elməddin Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb.

 

Həmin hadisənin digər iştirakçıları - Niyaməddin Xanhüseyn oğlu Ağayev və Nurəddin Nurməmməd oğlu Hətəmov, eləcə də onlara vasitəçilik edən Rövşən Natiq oğlu Əliyev sentyabrın 20-də İrana qaçmaq istəyərkən Biləsuvarda həbs ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv