Kataloniyada seçkiləri müstəqillik tərəfdarları qazandı
İspaniyanın Kataloniya bölgəsində muxtariyyət parlamentinə seçkilər keçirilib. İlkin nəticələrə görə, seçicilərin 77 faizinin iştirak etdiyi seçkinin qalibi müstəqillik tərəfdarları olub.
APA TV-nin xəbərinə görə, "Junts pel Si (Bəli üçün birlikdə)" adlı separatçı blok aldığı 40 faizlik səslə 135 yerlik parlamentə 62 vəkil göndərəcək. Blok seçkidən öncə yüzdə 50 faizlik səslə 68 millət vəkili yeri qazanacaqları halda 18 ay içində müstəqillik üçün referendum keçirməyə söz vermişdi.
Kataloniya Muxtar İdarəçiliyinin separatçı lideri Artur Mas seçki sonrası açıqlamasında "Junts pel Si"nin qələbəsinin müstəqillik tələbinə hüquqi status qazandırdığını deyib.
Müstəqillik tərəfdarı olan digər partiya lideri Oriol Junquera da həm parlamentdə çoxluq qazandıqlarını, həm də Kataloniya xalqının onlara müstəqillik üçün güclü bir səlahiyyət verdiyini qeyd edib.
Bu arada ifrat sol yönümlü müstəqillik tərəfdarı Xalq Birliyi Namizədliyi (CUP) partiyası təxminən 8 faiz səs alaraq parlamentdə 10 yer qazanıb. Bununla da separatçıların topladığı ümumi səs 47%-ə çatıb.
Bu partiyalar Madrid mərkəzi hökumətindən muxtar Kataloniya bölgəsinin öz ordusu, mərkəzi bankı və məhkəmə sisteminə sahib olmasını tələb edir. İspaniya Konstitusiyası isə buna icazə vermir.