FHN Şirvanda məktəblilər üçün tanışlıq təlimi keçirdi
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Dövlət Yanğından Hissəsi məktəblilər üçün tanışlıq xarakterli təlim keçirib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirdə Şirvan məktəbliləri fövqəladə hallar zamanı şəxsi heyət tərəfindən nümayiş etdirilən xilasetmə avadanlıqlarından istifadə qaydaları ilə tanış olub.
Şəxsi heyət xilasetmə yastığından və hündürlükdən xilasetmə əməliyyatlarını yerinə yetirməklə öz bacarıqlarını məktəblilərə nümayiş etdiriblər.
Tanışlıq xarakterli təlimdə məqsəd məktəblilərin maarifləndirilməsi, eyni zamanda gəncləri Fövqəladə Hallar Nazirliyinin müdafiə və mühafizə strukturlarında xidmətə həvəsləndirmək olub.
Təlim prosesində şəxsi heyətin aparıcı mütəxəssisləri məktəbliləri maraqlandıran sualları cavablandırıb.