Bakıda yanmış binanın köhnə yeni sakinləri - REPORTAJ
Bu il mayın 19-da Bakının Binəqədi rayonunda yanmış binada aparılan təmir-tikinti işləri tam başa çatdırılıb.
APA TV-nin xəbərinə görə, bu gündən başlayaraq sakinlərin binaya köçürülməsi prosesinə start verilib.
Binaya köçən ilk sakinlərdən olan Xanım Məmmədova 9-cu mərtəbədə yerləşən mənzilinin əsaslı təmir olunduğunu və razı qaldığını deyib: "Evimizə hələlik nəvəmlə gəlmişəm. Çox sevinirəm. İşlərin başa çatması bizi də artıq qayğılardan uzaqlaşdırdı. Hər şey ürəyimizcədir. Xırda çatışmazlıqlar olsa, onların həftə sonuna kimi yoluna qoyulacağına söz verilib".
Digər sakinlərlə də həyətdə qarşılaşdıq.
- Evim yanandan sonra şəkillərini çəkmişdim. İnanın, bir an belə o görüntülər gözümün önündən getmirdi. Amma indi o qədər gözəl təmir ediblər ki, sevincimdən gözlərim yaşarır.
- Bu gün dəvət edib mənzillərimizin açarlarını təqdim etdilər, çox sevindik. Kirayədə yaşayırdıq. Həm səliqəlidir, həm də rahat.
“Azəraqrartikinti” şirkətinin iş icraçısı Sənan Şükürov APA TV-yə açıqlamasında bildirib ki, binada mənzillərin əsaslı təmir işləri tam başa çatdırılıb: "Ötən 4 ay ərzində 500 fəhlə və usta 24 saat ərzində fasiləsiz iş rejimində çalışıb. Qurban bayramı ərəfəsində əsaslı təmir işləri tam yekunlaşıb. Ümumilikdə binada 59 mənzil əsaslı təmir olunub. Mənzillər mebel və məişət avadanlıqları ilə təmin edilib".
Hazırda Binəqədi Rayon İcra Hakimiyyəti və "Azəraqrartikinti" Səhmdar Cəmiyyəti əməkdaşlarının iştirakı ilə mənzillərin aktlaşdırılması həyata keçirilir. Aktlaşdırma sənədlərində mənzildə olan avadanlıqların siyahısı da qeyd olunur.
Qeyd edək ki, mayın 19-da çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb. Binada əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün 3 milyon manat ayrılıb.