Yanlış ötmə əməliyyatı: maşının biri qoz ağacına çırpıldı, o biri kanala düşdü
Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə dünən axşam rayonun Faldar kəndinə gedən avtomobil yolunda baş verib.
Rayonun Faldar kənd sakini, 49 yaşlı Əfrayim Oruc oğlu Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı və rayon sakini, hələlik şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi “VAZ-21011” markalı avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi üzündən hər iki sürücü idarəetməni itirib. Nəticədə “VAZ-2106” markalı avtomobil qoz ağacına çırpılıb, “VAZ-21011” markalı avtomobil isə yolun kənarındakı kanala düşüb.
Qəza zamanı "VAZ-21011" markalı avtomobilin sürücüsü xəsarət almasa da, digər avtomobilin sürücüsü Əfrayim Mustafayev, onun sərnişinləri - rayonun Faldar kənd sakini, 18 yaşlı Namidar Yusif oğlu Sofiyev və rayonun Qandax kənd sakini, 36 yaşlı Bahiddin Sirac oğlu Abdulhəşimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (MRX) aparılıblar.
Zaqatala MRX-dan APA TV-yə bildirilib ki, qəza nəticəsində xəstəxanaya daxil olan yaralıların hər birinə lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.