Azyaşlıları mövsümi qripdən necə qorumalı? - REPORTAJ

Payız-qış mövsümündə immun sisteminin zəifləməsi çoxsaylı xəstəliklərə yol açır. Havalar soyuyar-soymaz avtobusda, metroda və digər ictimai yerlərdə öskürək, asqıraq səsləri eşidilməyə başlayır. Tibb mütəxəssislərinin fikrincə, payız və qış mövsümündə immun sisteminin zəifləməsi əsasən uşaqlarda, hamilə qadınlarda və yaşlı insanlarda çoxsaylı xəstəliklərə səbəb ola bilər.

 

Həkim-pediatr Afət İbrahimli APA TV-yə müsahibəsində bildirib ki, payız-qış mövsümündə virus xəstəliklərinə daha çox yoluxmamaq məqsədilə orqanizmin möhkəmləndirilməsi tədbirləri ilin isti fəsillərində aparılmalıdır: "Payızda qrip xəstəliyinə yoluxma halları, demək olar ki, durmadan artır. Xüsusən də uşaqlarda immunitet zəifləməsi ilk növbədə onların mövsümlə bağlı yayılan viruslara tez yoluxmasına, tənəffüs yolları xəstəliklərinin baş qaldırmasına səbəb olur. Valideynlər də yay fəslində uşaqların sağlamlığı üçün tədbirlər görməlidirlər. Xüsusilə valideynlər uşaqlarda immun sistemini gücləndirən qidalara üstünlük verməlidirlər. Yaxşı olar ki, hər səhər hər bir uşaq limonlu çay içsin. Limonun tərkibi zəngindir, bu antiseptik maddələri yemək də olar. Bu, bilavasitə boğaz ağrılarına kömək edir."

 

Afət İbrahimli deyir ki, immuniteti güclü olan uşaqlar qışda az xəstələnir, hətta müxtəlif qrip viruslarının yayıldığı məkanda belə, orqanizmləri həmin virusu yaxın buraxmır: "Ümumiyyətlə, virus kimi yayılan bu xəstəliklərdən insanlar özlərini qorumaq üçün müxtəlif tərkibli ot çaylarından istifadə etməlidirlər. Kəklik otu çayının tərkibində 40 faiz antibiotik var. Bu isə immun sisteminin möhkəmlənməsinə öz müsbət təsirini göstərir. İtburnu çayı da C vitaminlidir. Müxtəlif salatlardan istifadə olunmalıdır ki, onların da tərkibində mütləq kələm olsun. Bolqar bibəri də vitaminlərlə zəngin olduğundan, yaxşı olar ki, gündəlik qida rasionuna bu qidalar daxil edilsin".

 

Pediatr bildirir ki, immun sisteminin güclənməsinə dəniz məhsulları, balıq və kürü də müsbət təsir göstərir: “Kürü bahalı məhsul olduğundan, valideynlərin əksəriyyəti uşaqlarını kürü ilə qidalandıra bilmirlər. Amma buna təəssüflənmək lazım deyil. Bir ədəd yumurtanın sarısında kürünün tərkibindəki qədər insan orqanizmi üçün vacib elementlər var. Yəni bir ədəd soyutma yumurta qara kürünü əvəzləmək qabiliyyətinə malikdir”.

 

Afət İbrahimlinin sözlərinə görə, xəstəliyə artıq yoluxmusunuzsa, 3 gün yataq rejimi təyin edilməlidir: "Evdə sulu xörəklərdən, zoğal çayından istifadə immun sisteminə dərhal təsir edir. Acılı xörəklərə üstünlük verilməlidir. Məqsəd odur ki, yataq şəraitində pasient tərləsin ki, virus maye ilə orqanizmdən çıxarılsın. O ki, qaldı qripin fəsadlarına.... Qrip əgər fəsad verərsə, antibiotikdən istifadə qaçılmazdır".

 

Havanın temperaturunun aşağı düşməsi nəticəsində məktəb və bağçalarda yayılan viruslara gəlincə, həkim hesab edir ki, tez-tez qrip və digər respirator xəstəliklərə məruz qalan uşaqlara həkim tərəfindən immun sistemini gücləndirən dərman preparatları təyin edilsə də, uşaqların vitamini həb şəklində qəbul etməsi, immunitetin dərman vasitələri ilə gücləndirilməsi məsləhət görülmür: "Yaxşı olar ki, Oksalin mazından uşaqların burun ətrafına çəkilsin. Ən vacibi isə C vitaminli meyvə və tərəvəzlərdən istifadə etsinlər".

 

Afət İbrahimli soğan, qırmızı və ağ turpların da immun sisteminin güclənməsində əvəzsiz rolu olduğunu söyləyir: “Uşaqlara göy soğan, turp vermək onların orqanizmi üçün faydalıdır. Sarımsaq isə orqanizmə düşən mikrobların inkişafına əngəl olur. Odur ki, valideynlər imkan daxilində bu tərəvəzlərdən daha çox istifadəyə üstünlük verməlidirlər”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı