DSMF Samuxda “Açıq qapı günü” keçirdi
Dövlət Sosial Müdafiə Fondu Samuxda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” adlı regional tədbirdə bu rayonla yanaşı, Göygöl, Kəlbəcər və Daşkəsən rayonlarının sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.
Forumda vurğulanıb ki, hazırda Azərbaycanda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Buna görə də işləyənlər işəgötürənlərlə əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar.
Tədbirdə o da qeyd olunub ki, 2015-ci il sentyabr ayının 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,06 faiz artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib.