Zaqatalada 3 nəfər göbələkdən zəhərləndi

Zaqatalada ikisi əkiz qardaş olmaqla üç nəfər göbələkdən zəhərlənib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, rayonun Əliabad qəsəbə sakinləri - 1994-cü il təvəllüdlü Fəqan Balakişi oğlu Mirzəbəyev, Fəqanın əmisi oğulları, əkiz qardaşlar 2000-ci il təvəllüdlü Seymur və Məhəmməd Elçin oğlu Mirzəbəyevlər zəhərlənmə əlamətləri ilə xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, hər üç şəxs sentyabrın 29-da günorta saatlarında Əliabad qəsəbəsinin yaxınlığındakı meşə zolağında işləyərkən ərazidən göbələk yığıb yeyiblər. Axşam saatları hər üç şəxsdə ürəkbulanma və halsızlıq əlamətləri büruzə verib.

 

Həkim Mohuma Horayev xəstələrin həyati təhlükəsinin olmadığını bildirib: "Növbə ərzində 3 nəfər xəstəxanamıza zəhərlənmə diaqnozu ilə gətirilib. Məlum olub ki, onlar göbələkdən zəhərləniblər. Onlara dərhal müvafiq yardım göstərilib. Mədələri yuyulan xəstələrin vəziyyəti hazırda stabildir".


Fəqan, Seymur və Məhəmməd Mirzəbəyevlərin göbələkdən zəhərləndiyi məlum olub. Onlara lazımi ilkin tibbi yardım göstərilib, yedikləri qidadan analiz etmək üçün nümunə götürülüb. Xəstələrin vəziyyəti nəzərə alınaraq müayinə və müalicələrini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndəriləcək.

Müəllif | Apa.Tv
Vüqar Heydərov