Bakıda it üstündə kütləvi dava: 3 yaralı
Ötən gecə Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində qeydə alınıb.
Paytaxt sakini Elvin Bədəlov yaşadığı evin qarşısında itini gəzdirən zaman yoldan "VAZ-2107" markalı avtomobil keçib. Elvin Bədəlovun bibisi oğlu Ramin Baxışovun sözlərinə görə, dayısı oğlu sürücüdən yoldan ehtiyatlı və yavaş sürətdə keçməsini xahiş edib. "Gözlə, gəlirəm" deyən "VAZ-2107"nin sürücüsü bir müddət sonra dostları ilə yenidən mübahisə baş verən yerə qayıdıb.
Zərərçəkən Ramin Baxışov hadisəni belə xatırlayır: "Dayım oğlu itini çıxarmışdı küçəyə gəzdirməyə. Qarşıdan "VAZ-2107" gəlirdi. Dayım oğlu əl elədi ki, bir az yavaş ol, it var, vurarsan. Sürücü dedi ki, gözlə, gəlirəm. Bir müddət sonra bir neçə maşınla gəldilər və dava eləməyə başladılar. Bizi təkləyib vurdular. Birinci məni vurdular, daha sonra olanlardan xəbərim olmadı".
Hadisə zamanı yüngül xəsarət alan Ramin Baxışov olub. Ağır xəsarətlər alan Elvin Bədəlov və əmisi Mais Bədəlov 1 saylı şəhər xəstəxanasına gətiriliblər.
Hadisə barədə Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerində müayinələr aparıblar. Faktla əlaqədar araşdırmalar davam edir.