MTN Akademiyasının rəisi Ziya Yusif-zadə vəfat etdi

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə vəfat edib.

 

APA TV-nin xəbərinə görə, uzun illər Azərbaycanın keçmiş Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Ziya Yusif-zadə ümummilli lider Heydər Əliyevlə yaxın dost olub.

 

Qeyd edək ki, Ziya Məmmədiyyə oğlu Yusif-zadə 1929-cu ildə ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla, 1952-ci ildə I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. 1952-56-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.

 

1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub. 1972-76-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb. 18 iyun 1980 - 11 avqust 1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışıb. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.

 

1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası  münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.

 

Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, 1999-cu il iyunun 28-də Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Akademiyaya rəis təyin edilmişdi. Dörd xarici dil bilən Ziya Yusif-zadə SSRİ Dövlət təhlükəsizlik orqanlarının və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı idi. “Azərbaycan Bayrağı” və “Şöhrət” ordenləri ilə təltif edilmişdi.

Müəllif | Apa.Tv
Apa.tv