Putin Silahlı Qüvvələrdən Suriyada istifadə etməyə icazə aldı - QƏRAR
Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək, Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenko bildirib. Amma ordudan konkret harada istifadə olunacağını açıqlamayıb.
Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs veriblər. Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov məruzə ilə çıxış ediblər.
Qapalı müzakirələrdən sonra Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib. Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, Vladimir Putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır. Belə ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi şəkildə müraciət edərək, ölkəsinə hərbi yardım göstərilməsini xahiş edib.