Mən şeytana necə daş atdım? - ŞEYTAN DAŞLAMA MƏRASİMİNDƏN REPORTAJ

Ərəfat dağında ibadətlərini yerinə yetirdikdən  sonra gedəcəyimiz yer Müzdəlifədir. Gündüz qızmar günəş altında Ərəfat dağına qalxan zəvvarlar axşam namazından sonra Müzdəlifəyə doğru addımlayırlar. Həm də heç yorulmaq bilmədən.

 

Müzdəlifə Həram bölgəsi sərhədləri daxilində Ərəfat ilə Mina arasında qalan ərazinin adıdır. Zəvvarlar burada bir ayara gəlir, ibadət edir, simvolik etiraz əlaməti olaraq şeytana atdıqları  kiçik daşları toplamağa başlayırlar. Bütün hacılar daşları dağdan özləri toplayırlar. Ancaq sağlamlıq imkanları məhdud olan zəvvarların yerinə yaxınları da daş toplaya bilər. Gecəni orada keçirib, səhərə yaxın Minaya doğru yol alırıq. “Mina” - istək, arzu deməkdir. Belə rəvayət olunur ki, Həzrəti İbrahim oğlu İsmayılı qurban kəsmək üçün apararkən həmin ərazidə şeytanla qarşılaşır. Bir tərəfdə Allahın əmri və ona olan sevgisi, digər tərəfdən isə ciyərparası. Şeytanın vəsvəsəsi ilə seçim qarşısında qalan Həzrəti İbrahim sonradan qərarını verir. Burada indiki şeytan daşlanılan ərazidə şeytana dəfələrlə daş atır. Nəticədə ata və oğul Allahın əmrinə təslim olmağın mükafatını alır.

 

Can, mal, mülk, bir sözlə, bütün sevgilərin gözündə kiçildiyi, yalnız İlahi sevginin zirvəyə qalxdığı yerdir bura. Hacılar Həzrəti İbrahimin xətrinə hörmətən onu simvolizə edir, şeytanı daşlayırlar.

 

Minada bizi çadırlarda yerləşdirirlər. Səudiyyə Ərəbistan hökuməti tərəfindən hacıların  rahatlığı üçün çadırlar qurulub. Üç gün burada qalacağıq. Yorğun olsaq da, hər kəs ürəklə ayinləri yerinə yetirmək həvəsində olduğu bir vaxtda dəhşətli faciə ilə üzləşirik. Hələ ötən həftə Kəbədə tikinti aparan kranın aşması nəticəsində həlak olan zəvvarların itkisini yaşayan hacılar bu dəfə daha dəhşətli zərbə alırlar.

 

Cəmarata, şeytan daşlamaq üçün əraziyə gedən zəvvarlar arasında yaranan sıxlıq yüzlərlə zəvvarın həyatına son qoyur. Əraziyə getmək istəsək də, binadan çıxışımıza qadağa qoyulur. Axşama doğru isə bir qrup jurnalistin etirazından sonra bizi hadisə yerinə götürdülər. Çox  dəhşətli idi.

 

Səhər saatlarında yüzlərlə zəvvarın ölümünə səbəb olan hadisə bu küçədə baş verib.

 

Polislərin müdaxiləsi ilə həmkarlarımızın foto və video kameraları əllərindən alındı. Cəsədlər isə soyuduculu yük maşınlarına yığılırdı. Pis qoxunun yayılmaması üçün əraziyə sərinkeşlər gətirilib. Hamı məyus idi. Bayram günü olmasına baxmayaraq, heç kim bayram əhval-ruhiyyəsində deyildi.

 

Ancaq orada həyat sanki sürətlə  davam edir. Hər kəs sanki ömrünün indi bitəcəyindən ehtiyatlanaraq ayinləri tez başa vurmaq istəyir. Elə biz də axşam saatlarında jurnalistlərlə birlikdə əməllərimizi yerinə yetirmək üçün ora yollandıq. Bir qədər sakitlikdir.

 

Zəvvarlar bura gələrək 3 gün ərzində şeytanı daşıyırlar. Əslində bu əməl simvolik məna daşıyır. Onları narahat edən, onları yoldan azdıran şeylərdən təmizlənmək arzusu ilə şeytanı daşlayaraq pisliklərdən təmizlənmək istəyirlər.

 

Əgər insanlar sadəcə şeytanın daşın üzərində olduğunu düşünərək addım atarsa, vaxt itkisindən başqa heç nə qazanmır. Çünki şeytan orada simvolizə edildiyi kimi daşın üzərində yox, Məhəmməd Peyğəmbərin bənzətməsi ilə “qanın damarlarda dolaşdığı kimi insanın içində dolaşır”.

 

Cəmaratda şeytan daşlamaq üçün 3 yer var. "Kiçik şeytan" kimi tanınan kiçik Cəmrə, ondan 150 metr aralıda "Orta Şeytan" cəmrəsi, Minanın Məkkəyə girişində isə "Böyük Şeytan" cəmrəsi yerləşir.

 

Dəhşətli gecəni birtəhər başa vururuq. Sübh tezdən hər birinə 7 daş olmaqla hər üç şeytana 21 daş atırıq. Cəmaratda böyük, orta və kiçik olmaqla 3 daş qoyulub. Ərazidə sakitlik hökm sürür. Günorta namazına yaxın yenidən izdiham yaşanacaq. 4 mərtəbəli böyük binada informasiya lövhələri qoyulub. Eyni qayda növbəti gün də davam edir.  Biz bu ayinləri də qəzasız-bəlasız başa vursaq da, bizdən bir neçə kilometr uzaqlıqda baş verən faciədə həyatını itirənlərin  sayının durmadan artırdığı xəbərlərini alırdıq...

Müəllif | Apa.Tv