G7 və Fars körfəzi ölkələri BMT-yə 1,8 milyard dollar yardım ayıracaq
“Böyük yeddilik” ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya), habelə digər Avropa və Fars körfəzi ölkəsi qaçqın və məcburi köçkünlərə yardım etmək məqsədilə BMT-nin humanitar təşkilatlarına 1,8 milyard dollar vəsaitin ayrılması barədə razılığa gəlib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirilən mətbuat konfransında Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer bəyan edib.
“Biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Ərzaq Proqramı da daxil olmaqla, BMT-nin beynəlxalq təşkilatlarına 1,8 milyard dollar ayrılması barədə razılığa gəldik. Təkcə Almaniya 100 milyon dollar ayıracaq” - deyən nazir bildirib ki, hazırda qlobal miqyasda ehtiyacı olanlara yardım etmək üçün 20 milyard dollar tələb edilir.
Qeyd edək ki, görüşdə Avstriya, Küveyt, Hollandiya, Norveç, Qatar, Səudiyyə Ərəbistanı, İsveç, İsveçrə, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini və BMT-nin baş katibi Pan Gi Mun iştirak ediblər.