Nizami məqbərəsinin qarşısında dəhşətli qəza: süpürgəçi qadını maşın vurdu
Gəncə şəhərinin şərq istiqamətinin çıxışında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb.
“Daewoo” markalı minik avtomobili hərəkətdə olarkən yolu süpürən Gəncə şəhər Təmizlik İdarəsinin işçisi, yolu süpürən 1962-ci il təvəllüdlü Şahnaz Məmmədovanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Avtomobil sonra yolun kənarında olan divara çırpılaraq yararsız hala düşüb. Maşında olan 4 nəfər - 1979-cu il təvəllüdlü Əlizamin Hüseynov, 1985-ci il təvəllüdlü Mənsur Əliyev, 1980-ci il təvəllüdlü Razim Pənahov və 1982-ci il təvəllüdlü Kənan Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.