Kəmaləddin Heydərov Yardımlıda vətəndaşları qəbul etdi
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 30-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
APA TV-nin cənub bürosunun məlumatına görə, vətəndaşlardan 25 nəfəri şəxsən nazir Kəmaləddin Heydərov tərəfindən qəbul olunub. Həmçinin kadr və digər məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşlar isə nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
Bütün müraciətlər diqqətlə dinlənilib. Onlardan bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.
Qəbula gələn rayonların sakinləri nazir Kəmaləddin Heydərovla birbaşa görüş üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləyərək, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarlığına görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.