Milli Məclisin IV çağırış son sessiyası başladı

Azərbaycan Milli Məclisinin IV çağırışda son sessiyası başlayıb. APA TV-nin xəbərinə görə, payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamentin payız sessiyasının işlər planı müzakirə olunub.

 

İclasın gündəliyinə bir sıra qanun layihələrinə dəyişikliklər, Azərbaycanla bir sıra ölkələr arasında ikitərəfli sazişlərin təsdiq edilməsi daxil edilib.

 

Deputat Musa Quliyev Azərbaycanda anadangəlmə lal və kar uşaqların əməliyyat olunaraq sağalması üçün lazım olan vəsaitin dövlət tərəfindən ayrılması təklifi ilə çıxış edib. Deputat qeyd edib ki, uşaqların anadangəlmə lal və karlığı 3 yaşa qədər implant qoyularaq əməliyyat olunmasa, uşaqlar ömür boyu lal və kar qalar: “Bu əməliyyatlar Azərbaycanda uğurla həyata keçirilir. Bu əməliyyat təqribən 15-20 min manat tələb edir. İldə 2-2.5 milyon manat vəsait ayırmaqla bu problemi tamamilə həll etmək olar. Hesab edirəm ki, bu vəsaiti ayırmaq dövlət üçün də çətinlik yaratmaz. Bu baxımdan bu məsələ ilə bağlı qanunvericiliyə dəyişiklik etməyi təklif edirəm”.

 

Deputat Qənirə Paşayeva isə bildirib ki, uşaq lal və kar olanda dövlət 18 yaşa qədər onlara müəyyən məbləğdə müavinət verir: "Ancaq əgər qanunvericiliyə dəyişiklik etməklə bu uşaqlar vaxtında əməliyyat olunarsa, bu, həm dövlət, həm də cəmiyyət üçün daha faydalı olar".

 

Millət vəkili Qüdrət Həsənquliyev isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Milli Məclisdə xüsusi müzakirələrin keçirilməsini təklif edib: “Biz ölkənin tanınmış ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Milli Məclisdə Dağlıq Qarabağla bağlı xüsusi müzakirələr keçirməli və dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Azərbaycan işğal faktı ilə barışmaq imkanında deyil. Ermənistan ordusu hər gün itkilər verməlidir. Ordumuz Azərbaycanın işğal edilmiş ərazilərindəki işğalçı qüvvələri mütəmadi olaraq məhv etməlidir. Bunun nəticəsidir ki, Ermənistanda əhali panika içindədir, əhali Ermənistandan qaçır, ildə 100 minə qədər insan ölkəni tərk edir”.

 

Deputat Zahid Oruc son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı bir sıra kütləvi informasiya vasitələrində yayılan informasiyaları parlamentdə gündəmə gətirib, bu cür informasiyaların Azərbaycanın dövlət maraqlarına uyğun olmadığını bəyan edib.

 

Bundan başqa, millət vəkilləri Azərbaycanda müəllimlər və həkimlər üçün xüsusi ipoteka şərtlərinin tətbiq edilməsi məsələsinə də diqqət çəkib. Bildirilib ki, Azərbaycanda müəllimlərin və həkimlərin əmək haqlarının məbləği sosial ipotekadan faydalanmağa imkan vermir.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov FAO-nun Azərbaycanda ofisinin yaradılmasını təqdirəlayiq hesab etdiyini deyib.

 

Çıxışlardan sonra işlər planı səsə qoyularaq qəbul olunub.

 

Sonda Milli Məclis bir sıra sazişləri və sənədləri təsdiqləyib.

Müəllif | Apa.Tv
Apa.tv