Rusiya Suriyanı vurdu: Homs şəhəri bombalandı
Rusiya Suriyaya ilk hava zərbəsini endirib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə CNN məlumat yayıb.
Adının çəkilməsini istəməyən ABŞ diplomatı bildirib ki, aviazərbə Suriyanın qərbindəki Homs şəhərinə endirilib. Onun sözlərinə görə, aviahücumdan öncə Kreml rəsmi Vaşinqtonu bilgiləndirib.
ABŞ-ın Rusiyadakı səfirliyinin yaydığı açıqlamada isə bildirilir ki, ABŞ və Rusiya prezidentləri Nyu-Yorkda keçirilən görüşdə İŞİD-ə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarından hərbi yardım istəyib. Vladimir Putin isə Suriyada hərbi əməliyyatlar keçirilməsinə icazə verilməsi üçün bu gün Federasiya Şurasına müraciət edib. Təklif yekdilliklə qəbul edilib.