“Qalatasaray” hər qapıya iki qol vurdu və iki xal itirdi

Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasına ilk dəfə qatılan Qazaxıstanın "Astana" klubuna qalib gələ bilməyib.

 

APA TV-nin məlumatına görə, "Qalatasaray" futbolçuları hesabda iki dəfə irəli çıxdıqları qarşılaşmada öz qapılarına vurduqları qollarla qələbəni əldən veriblər.

 

Oyuna ehtiyatlı başlayan "Qalatasaray"ın oyunçuları süni örtüklü meydançada uğurlu ötürmələr etməkdə çətinlik çəkiblər. Türkiyə klubu rəqib qapısında təhlükəli vəziyyətlər yarada bilməyib.

 

Çempionlar Liqasında ilk oyununa çıxan Bilal Qısa turnirdəki ilk qolunu vurmaqla "Qalatasaray"ı hesabda irəli çıxarıb. O, 31-ci dəqiqədə təxminən 25 metrlik məsafədən zərbə ilə fərqlənib.

 

İlk hissə bu hesabla bitib. 77-ci dəqiqədə "Qalatasaray"ın müdafiəçilərinin səhvi üzündən "Astana" hesabı bərabərləşdirib. Hakan Balta topu öz qapısından keçirib - 1:1.

 

"Qalatasaray" 86-cı dəqiqədə hesabda yenidən irəli çıxıb. Sinan Gümüşün zərbəsindən sonra "Astana"nın qapıçısının əlindən qaçan top qapıdan keçib. Amma "Qalatasaray"ın sevinci uzun çəkməyib. 89-cu dəqiqədə Kanasın zərbəsindən sonra Karole "Qalatasaray"ın ikinci avtoqoluna imza atıb.

 

Oyun 2:2 hesablı heç-heçə ilə bitib. Beləliklə, klublar hərəyə 1 xal qazanıblar. 

Müəllif | Apa.Tv
Apa.tv