Evdən qaçmaq istəyən 15 yaşlı qızın atalığına böhtan atdığı üzə çıxıb

Bakıda 15 yaşlı qız dördüncü mərtəbədəki evin pəncərəsindən qaçmaq istəyərkən ölümlə üz-üzə gəlib. Hadisə ötən gecə saat 23 radələrində, Qara Qarayev 100 ünvanında baş verib. Qapısı bağlı evdə tək qalan qız evdəki mələfələri uc-uca bağlayıb pəncərədən qaçmaq istəyib. Planını həyata keçirə bilməyən qız üçüncü mərtəbənin eyvanında asılı qalıb. Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qızı xilas edib və aiddiyatı orqanlara təhvil verib. Binada yaşayan sakinlərin sözlərinə görə, ailə Ucar rayon sakinləri olub, həmin evdə kirayə qalırmış.

 

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA TV-yə bildirilib ki, G.M adlı qızın atalığı tərəfindən zorlanması və bu səbəbdən intihara cəhd etməsi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Bölmənin təhqiqatçısı Cəmil Əkbərovun sözlərinə görə, yeniyetmə qız tüfeyli həyat keçirdiyindən dəfələrlə evdən qaçıb. Bir neçə dəfə Bakının müxtəlif yerlərindən polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Hadisə baş verən gün də Binəqədi ərazisindən tapılaraq ailəsinə qaytarılıb. Ailəsi qızı bayıra buraxmamaqla cəzalandırmaq istəyib. O isə evdə heç kimin olmadığından istifadə edərək qaçmaq istəyib. Xilas ediləndən sonra isə atalığı tərəfindən zorlandığını deyərək özünə haqq qazandırıb. Sonradan atalığı haqda yalan dediyini boynuna alıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı