Putin: "Bəşər Əsədə yalnız hava hücumları ilə dəstək veriləcək"
Rusiya aviasiyası Suriyadakı əməliyyatları rəsmi Dəməşqin müraciəti ilə reallaşdırır. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu barədə Suriya prezidenti Bəşər Əsədin mətbuat xidmətindən bildirilib.
Rusiya prezidenti Vladimir Putin isə Suriya missiyasının məqsəd və vəzifələrini açıqlayıb. O bildirib ki, Moskva Suriya ordusunun terrorçu qruplaşmalarla qanuni mübarizəsini dəstəkləyəcək. "İkinci məsələ isə ondan ibarətdir ki, Kreml Bəşər Əsəd hökumətinə yalnız hava hücumları ilə kömək edəcək, yerüstü əməliyyatlar olmayacaq " - deyə Putin qeyd edib.
ABŞ dövlət katibi Con Kerri Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını alqışlamağa hazır olduqlarını deyib. Ancaq bir şərtlə - zərbələr doğrudan da İŞİD-in mövqelərinə endirilməlidir. Bununla belə, Ağ Ev Suriyada sülh danışıqları aparılmadan reallaşdırılan hərbi əməliyyatları təhlükəli hesab edir.