Zakir Qaralov: "Bir ildə 7 nəfər vəzifədən azad edilib, 3 nəfər prokurorluq orqanlarından xaric olunub”
“2014-cü il oktyabrın 1-dən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub”.
APA TV-nın məlumatına görə, bunu prokurorluq əməkdaşlarının peşə bayramı günü jurnalistlərin suallarını cavablandıran baş prokuror Zakir Qaralov bildirib.
Onun sözlərinə görə, prokurorluq orqanlarında istintaqın aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində fəaliyyətin səmərəliliyi xeyli dərəcədə yüksəlib, cəmiyyətdə ictimai qınaq doğuran bir sıra cinayətləri törətmiş şəxslərin vaxtında müəyyən edilərək barələrində qanuni tədbirlərin görülməsi, yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində bir çox qeyri-aşkar, xüsusilə ağır və ağır cinayətlərin açılması təmin olunub: "Yalnız bu ilin 9 ayı ərzində 156 qəsdən adam öldürmə faktından 150-nin isti izlərlə açılması təmin edilib. Yalnız 9 ay ərzində 224 vəzifəli şəxs barəsində 154 cinayət işi məhkəməyə göndərilib".
Zakir Qaralov deyib ki, 2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 9145 ərizə və şikayətə baxılıb. Onlardan 5951 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olub. Həmin müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan, Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb. 2015-ci ilin birinci yarımili ərzində Baş İdarədə 5150 ərizə və şikayətə baxılıb ki, onlardan 3414 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olub. Həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb. Cari ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli müraciət və məlumata baxılıb ki, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olub.