Zəncanın “Qarabağ şikəstəsi” - REPORTAJ
Zəncan vilayətinə xalq arasında “Qızıl Azərbaycan” deyilir. Bu adın haradan gəldiyini yəqin ki tədqiqatçılar daha yaxşı bilər. Mənbəyini Qırxbulaq dağlarından götürən Qızılüzən çayı Zəncandan keçərək Rəşt ərazisində Xəzərə tökülür. Bəlkə də “Qızıl Azərbaycan” adının elə Qızıl üzən çayı ilə bir əlaqəsi də var.
Zəncanda tarixən güclü aşıq məktəbi olub. Bölgə aşıqlarının ən çox sevdiyi havalardan biri “Qarabağ şikəstəsidir”. Bu şikəstəyə öz aralarında “Qarabağı” da deyirlər.
İngilis ədəbiyyatı müəllimi, musiqi məktəbinin direktoru, tanınmış saz ifaçısı Mənüçöhr Nəcəfi bu havanın xalq arasında çox sevildiyini deyir.
““Qarabağ şikəstəsinə Zəncanda və bəzi yaxın bölgələrdə “Qarabaği” və “Qarabağı” da deyərlər. Xüsusi ilə Tarım bölgəsində xalq arasında bu hava çox sevilir. Demək olar ki, çox kəndlərə gedəndə bizdən bu havanı çalmağı istəyirlər. Aşıqlar da əksərən bu havanı çalırlar”.
Mənuçöhr Nəcəfi Zəncan bölgəsində aşıqların 34-ə yaxın hava ifa etdiyini bildirir: “Zəncanın 28 və ya 34 havası var. Bunların bir qismi məntəqeyi-bərdaşdır. Yəni bu havalar Bakıda da var, burada da var. O zamanlar yazılı ədəbiyyat olmadığına görə, oradan bura sinəbəsinə gəlib. Amma aşıqlar bəzi telləri zehnində saxlaya bilməyib. Fərz elə ki, sol notunda götürəcəkmiş, gəlib akkordu fa notunda saxlayıb. Gətirib, sonra da ayrı ad qoyub. Amma baxanda görürük ki, güllər həmin güllərdir, şer formaları həmindir, bir az boğazlar bəmləşib.
Bu hava ki, çaldım, buna Tarımda, bəzi kəndlərdə Şirvan şikəstəsi deyirlər. Bəzi yerlərdə Xalxalı deyərlər. Ancaq mən Şirvan şikəstəsi kimi qəbul edə bilmirəm. Çünki Şirvan şikəstəsi varımızdır. Çox mərif havadır. Xalxalı daha düz hesab olunur. Tarımın ən lirik havalarındandır. Çalması ritm üstündədir. Oxuyanda elə bil muğam oxuyursan. Bənd ki qurtarır, misra ki qurtarır, ardınca biz onun ritmik guşələrini çalırıq. Gülünü çalırıq”.
Araşdırmaçının sözlərinə görə, hər aşıq ən azı 80 hava çalmağı bacarmalıdır: “Əgər o tayı düşünsək, Azərbaycan da üç aşıq məktəbimiz, səpkimiz var. Borçalı, Qazax və Şirvan səpkiləri. 1976-cı ildə Bakıda qurultay qurulur. Üç yüzdən artıq havadan 80-82 hava seçilir. Hər kəs bu sazı alsa əlinə, bu havanı çalmalıdır. Bu havalar da Borçalı havalarıdır. Borçalı havaları elə Qazaxda da çalınır, amma bir fərqlə. Borçalıda tək saz çalınır, aşıq məclisə tək gedir. Rəhmətlik Kamandar Əfəndiyev və Əmrah Gülməmmədov onların ən yaxşı nümayəndələridir. Amma Qazaxda Dədə Ədalət onların başçısı olur, mənim ustadım İmran Heydəri Cabbarı buyurur ki, kim ki, tək sazı alır sinəsinə, bu, Ədalət yoludur. Kim belə çalır, Ədalət Nəsibov yolu gedir. Qazaxda həmin havalar çalınır, ancaq həmin havalar bir az musiqili olur, müqəddimə çalınır, muğam əlavə olunur, mahnılar çalırlar. Bunların hamısını saz sənətinə gətirən ustad Ədalət Nəsibovdur. O 80 hava bu məktəbdən seçilir. Hər iki məktəbdə dastan söyləmə var. Amma Şirvan havaları fərqlidir. Şirvanda 60-70 hava var. Bu havalar o məktəbdən fərqlidir”.
Manüçöhr Nəcəfi Zəncan aşıqlarının hər iki tayda çalınan havalardan xəbərdar olduğunu deyib: “Bizim aşıqların o havaların hamısı ilə tanışlığı vardır, ya radio ilə, ya televiziya vasitəsilə. Toya gedirsən, deyirlər “Mirzəbilər” şikəstəsi oxu və ya “Şirvan şikəstəsi” oxu. O yanda deyir “Qarabağ şikəstəsi” oxu, bu yanda deyir “Qaraçı” çal, “Ruhani” çal, “Yanıq Kərəm” çal. Yəni hər üç məktəbdən xəbərdardırlar. Ancaq xalqda aşıq məktəblərini ayırmaq kimi həssaslıq yoxdur.
Buradakı aşıq məktəbinin təsnifatını versək, biz də üç məktəb var. Birinci aşıq məktəbi Ərdəbil, Zəncan, Təbriz məktəbidir. Bu məktəb Qazax-Borçalı məktəbi üstündədir. Yəni o havalar ki, orda çalınır, biz də çalırıq. O biri məktəbimiz Savə-Həmədandır. Bizim sazımız oktava yarım bağlanır, onlarınkı bir oktava pərdə bağlanır. Və sazları da bəmdə köklənir. Pərdələrdə bir az fərq vardır. Üçüncü məktəbimiz Urmiya məktəbidir. Urmiya aşıq məktəbi Azərbaycanla Türkiyə havaları arasında bir körpüdür. Onların da 60-70 dənə özlərinə məxsus havaları var. Savə-Həmədan havaları da fərqlidir.
Bu 80 havanı ki, biz çalırıq, Təbrizdə, Urmiyada, burada çalınır. Bizim öz havalarımız da var ki, mən birini ifa etdim, Həştərxanda da eyni bir cür çalınır, Miyanədə də. Bu havalar o 80 havadan sayılmır”.
Proqramda zəncanlı şair Əbülfəz Mələki Zəncanlı (Artan Mələki) öz şeirlərini ifa edib:
Dillərin dilə yox, külə qatdılar
Qızılı çərçiyə misə satdılar.
Utuzub utan tək belə yatdılar
Yaz günü qurudu gül axan çayım
Ağladım, sızladım, vara bilmədim
Elimin dərdinə çarə bilmədim
Gicəlib gedirəm, hara bilmədim
Az qalır ağlımı yolum tək cayım
Tikildi gözlərim yollara illər
Bu ağır yüklərə dözərmi fillər?
Yarama duz səpir acılı dillər
Deşilmiş dərdimin hansını sayım?
Artanam, vətənsiz qalmaz izlərim
Vətəndə yaşayan vətənsizlərim
Ümidim qırıldı, sındı dizlərim
Daş vuran dostmuş, çıxmır ah-vayım
Gərəkdir inamı başımdan atam
Allahsız dünyada varımı satam
Bir ovuc torpağa baş qoyub yatam
Bəlkə də buymuş yazılan payım.
...
Yazıbsan Tanrı bəxtimi qara
Qaralar olub indi səyyara
Könlümü bütün bürüyüb acı
Daha az qalıb sinəmi yara
Laxtalanıbdır ürəkdə qanım
Elə bil diyən çəkilir dara
Başımdan daha papağım itib
Azmışam yolu gedirəm hara?
Elə dərindir ürək yarası,
Kimsə bilirəm tapammaz çarə
Dərdimi gərək dağlara deyəm
Dağ dağa səs salıb yetirə yara.
Gedirəm indi zirvəyə çatam
Dərdimi deyəm zirvədə qara
Əriyib buzlar axalar çaya
Sözümü çayda eşidə sara
Saratək mənim nağılım ola
Aşıqlar onu çəkələr tara
Eşidin indi sözümü sazda
Saz yorulmasa, gəlməsə zara.
Artan, sus daha, dinmə, danışma
Düşünən başlar çəkilir dara
...
Çərçi
Gündüzün ortasıdır,
günəşin andı qabardan yayın oğlan çağıdır.
Küçənin arxı susuzdur
Deyəsən hamı susubdur.
Qoca bir səs qulağımdan
süzülüb keçdi yavaşdan.
Duvarın kölgəsinə arxalanan
Daşqanın üstünə düzmüş varını
Ruzigar da çürüdüb canını.
Qəm yarıb bağrını, aldım salamını
Söylədi tez kəlamın
Olur olsun gümanım bir kasa su
Su içərkən silib andın tərini
Genə başdan yola düşdü
Qəm yükün sürdükü şayəd küçələrdə onu satsın
Axşamın günbatanında beş uşaq bir qadına şənlik aparsın
Bəlkə də ay başıdır evlisinə aylıq aparsın.
Xırdaca, Nərgiz adında qızına tel gülü alsın
Oğluna hansı bazardan qurur alsın
Qadının, ailəsinin bağrına bassın
Boşqabı, stəkanı bir ovuc un, su, duza
Küçələrdə kimə satsın
Günəşin istisinə, yoxsa ki, dərdinə yansın?
Nəyə yansın? Niyə Yansın?
Kimdən alsın, kimə satsın?
Tanrı bölmüş payını
Yaradandan, yaranandan
Bilməyir kimsədən alsın
Bilməyir kimsədən alsın
Elvin Bayramlı
Əjdər İbrahimov