Baş prokuror: “Jurnalist Rasim Əliyevin qətlinin siyasiləşdirilməsi yolverilməzdir”
“Jurnalist Rasim Əliyevin qətlinin siyasiləşdirilməsi yolverilməzdir”. APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
Onun sözlərinə görə, hadisədən dərhal sonra ölkə başçısı bu barədə məlumatlandırılıb: “Dərhal daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu yaradıldı, həyata keçirilən tədbirlər nəticəsində bir gün ərzində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin hamısı həbs edildi. Bu iş üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək”.
Zakir Qaralov qeyd edib ki, "Sərhədsiz Reportyorlar" təşkilatının məlumatına görə, dünyada ötən il 61, bu ilin 9 ayında isə 41 jurnalist qətlə yetirilib: "Belə çıxır ki, hər ölkədə qətlə yetirilən jurnalistlə bağlı Avropa Parlamenti bəyanat verməlidir? Qurumun Azərbaycanda jurnalistin ölümü ilə bağlı bəyanatı qərəzlidir. Biz İnsan Haqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq edirik. Azərbaycanda hər bir cinayət hadisəsi hüquqi şəkildə qiymət alır. Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz, o cümlədən Avropa Parlamenti. Azərbaycanda məhkəmə sistemi müstəqildir”.
Baş prokuror ölkədə QHT adı altında fəaliyyət göstərən bəzi təşkilatların fəaliyyətinə də münasibət bildirib: “Araşdırmalar zamanı müəyyən edilib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları ölkənin qanunlarına hörmətlə yanaşmır. Onların heç biri rəsmi qeydiyyatdan keçmir, xaricdən aldıqları pullar barədə heç biri dövlət qurumunu məlumatlandırmır. Həmin QHT-lərin əməkdaşlıq etdikləri jurnalistlərlə heç bir müqavilə bağlanmır: “Bağlandığı halda isə əgər xarici QHT-dirsə, akkreditasiyadan keçmirlər və aldıqları vəsaitlərin bir çoxunu rəsmiyyətdən yayındırırlar. Mən sizin vasitənizlə bütün QHT-lərə və jurnalistlərə müraciət edirəm ki, onların hər biri Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar, vergi qanunvericiliyinin tələblərini pozmasınlar, belə olan halda prokurorluq onların heç biri ilə bağlı araşdırma aparmayacaq. Onlar xarici havadarları vasitəsilə bu əməllərini davam etdirəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər”.