Şadlıq evləri və restoranlarda yoxlamalar başlayır
Bu ilin 9 ayı ərzində istehsalatda 112 bədbəxt hadisə baş verib. APA TV-nin xəbərinə görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır: "Baş vermiş bədbəxt hadisələr zamanı 32 nəfər həyatını itirib. İstehsalatda baş vermiş bədbəxt hadisələrin 35%-i tikinti sahəsində baş verib. Əməyin mühafizəsinin pozulması halları da ən çox tikinti sektorunda baş verib".
Fuad Əlizadə bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti gələn il şadlıq evləri və restoranlarda yoxlamalara başlayacaq: "Gələn ilin birinci rübündə "Təhlükəsiz iş aylığı" çərçivəsində şadlıq evləri və restoranlarda yoxlamalara başlayacağıq. Azərbaycanda xeyli sayda şadlıq evləri və onlardan iki dəfə çox restoranlar fəaliyyət göstərir. Burada işləyən işçilərin əmək qeydiyyatına alınması, icbari sığortası və sair məsələlər yoxlanacaq".
Bundan başqa, xidmət rəisi bu ilin 9 ayı ərzində 13 150 əmək qanunvericiliyini pozulması faktı aşkar edildiyini deyib. Bildirib ki, qanunvericiliyin pozulması hallarının 85%-ə qədəri müsbət həllini tapıb, 15%-nin icrası nəzarətə götürülüb: "Vətəndaşlara ödənilməli olan gecikdirilmiş ödənişlərin həcmi 1,5 milyon manat olub. İşçilərə verilməli olan əmək haqları gecikdirilib. Düzdür, bunun 827 min manatı bir müəssisənin üzərindədir. Amma digərləri müxtəlif müəssisələrdədir. 1,5 milyon manat 86 faizi əmək haqlarının gecikdirilməsidir".
Qeyd olunan dövr ərzində 5 635 hüquqi və fiziki şəxs cərimə olunub. Ümumilikdə cərimə məbləği 3,6 milyon manat təşkil edib.