Səudiyyə Ərəbistanı dünya fondlarındakı pullarını ölkəyə qaytarır
Dünyada neftin qiymətinin ucuzlaşması Səudiyyə Ərəbistanını bu sahədə bəzi islahatlar keçirməyə vadar edib.
APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, səudiyyəli neft maqnatları xarici ölkələrdə olan və on milyardlarla ölçülən kapitallarını ölkəyə gətirmək niyyətindədirlər.
Bildirilir ki, iş adamları artıq dünyanın müxtəlif ölkələrinə qoyulan təxminən 60-70 milyard dollarlıq investisiyanın məbləğin son altı ay ərzində ölkəyə qaytarılmasına nail olublar. Bu addımın ilk növbədə OPEK-in maliyyə resurslarını əldən verməməsi üçün mübarizə aparması, büdcənin stabil saxlanılması və Yəməndə aparılan müharibənin xərclərini qarşılamaq üçün atıldığı bildirilir.
Səudiyyə Ərəbistanı xəzinəsinin maksimal həddi ötən ilin avqustuna təsadüf edir. Həmin vaxt neft məhsullarından 734 milyard dollar gəlir əldə olunsa da, "qara qızıl"ın qiyməti kəskin düşməyə başlayıb və ölkənin müstəqil fondunun hesabında olan gəlirlər 661 milyard dollara enib. Bu halda isə hakimiyyət xarici valyutanı ölkənin büdcəsini tənzimləmək üçün satışa çıxarıb.
Dünyanın üçüncü zəngin milli fonduna sahib olan Səudiyyə Ərəbistanının ehtiyat maliyyəsini xərcləməsi ölkə üçün o qədər də təhlükəli hesab edilmir. Ekspertlər səudiyyəli maqnatların uzun müddətli bir oyuna girdiklərini iddia edirlər. Onların bu oyunu hətta yaxın müddətə olmasa belə, neft bazarında istədikləri qiymətlərin əldə ediləcəyinə qədər davam etdirəcəkləri deyilir. Bu isə səudiyyəlilərin xaricdəki investisiyalarını yenidən ölkəyə qaytaracaqlarını təsdiqləyir və hazırda dünya bazarında Səudiyyə Ərəbistanının iş adamlarının investisiyaları hesabına iş quran böyük şirkətlərin iflası deməkdir.