Şəhid anası: “Oğlum şəhidlik zirvəsinə təmiz adla yüksəldi”

“Qurban bayramında zəng elədi, bizi təbrik etdi. Dedi, ana, təbrik edirəm, səsin üçün çox darışmışam. Dedi, məzuniyyətə buraxacaqlar. Dekabrın 9-da 19 yaşı olacaqdı. Dedi, həmin vaxt orada olacağam”. Bu fikirlər şəhid Zöhrab Mustafazadənin anası Könül Mustafazadəyə məxsusdur. Hərbi xidmətdə olan Zöhrabın məzuniyyətə gələcəyi günü səbirsizliklə gözləyən Mustafazadələr ailəsinin arzuları gözlərində qalıb. Sentyabrın 27-dən 28-ə keçən gecə cəbhədə düşmən hücumunun qarşısı alınarkən 3 hərbi qulluqçumuz şəhid olub. Onlardan biri 1996-cı il təvəllüdlü Zöhrab Mustafazadə idi.

 

Zöhrab aprelin 9-dan Lənkəranda xidmətə başlamışdı. Bir aydan sonra sətəlcəm olan Zöhrabı Mərkəzi Hospitala gətiriblər. Müalicəsi bitəndən sonra iki həftəlik evlərinə göndəriblər. Anası oğlunun məzuniyyətdə olarkən çəkdirdiyi fotolarla təsəlli tapır: “Məzuniyyətə gələndə bu şəkilləri çəkdirdi. Dedim, orada şəkilin yoxdur. Dedi, saxla gələndə çıxartdıracağam bunları. Yaxşı ki, çəkdirdi”.

 

Zöhrabın məzuniyyət müddətində hərbi hissəyə qayıtmağa tələsdiyini deyən şəhid anası deyir ki, oğlu Füzuliyə göndərilən zaman anasına zəng edərək sevincini bölüşüb: “Dedi ki, ana, yeməyimiz, içməyimiz, hər şey yaxşıdır. Tez-tez gəlib maraqlanırlar. Dedim daha xəstələnmə, alnı açıq vuruş, evimizə gəl”.

 

Anasının sözlərinə görə, Zöhrab xaraktercə sakit insan olub. Düşüncəsi, davranışı ilə yaşından böyük düşünürmüş. Bu, da səbəbsiz deyildi. Zöhrabın atası iki il bundan əvvəl avtomobil vurması nəticəsində həlak olub. Evin bütün yükü onun üzərinə düşüb. 3 bacının bir qardaşı olan Zöhrab bacılarına dərslərini yaxşı oxumağı, əsgərlikdən qayıdanda sonra onlara kömək edəcəyini deyib. Özü 9-cu sinifdən məktəbi tərk etsə də, bacılarının ali təhsil almasına çalışıb: “Bir narahatçılığı bizdən idi. Deyirdi, ana, mənə bir şey olsa, siz nə edəcəksiniz? Adamın heç ağlının ucundan belə keçməzdi”.

 

Zöhrabın şəhid olma xəbərini ailəyə heç kim çatdırmağa ürək etməyib. İcra nümayəndəsi evə gəlib və əvvəlcə gəlişinin səbəbinin su problemi olduğunu deyib: “Elə bil nə isə şübhələndim. Gördüm dalbadal maşınlar gəlir, dayım dayanıb. Dedilər ki, Zöhrab yaralanıb, hospitala gətiriblər. Evə qaçdım ki, tez paltarımı geyinim. Sonra gördüm dayımla tanış edirlər ki, bu, filankəsdir, bu isə filankəs. Mollanı tanış edəndə dalağım sancdı. Bələdiyyənin böyüyünü tanıyırdım. Dedim, oğlum şəhid olub, hə? Dedi, hə”.

 

Olduqca qürurlu və təmkinli olan şəhid anası oğlu ilə fəxr etdiyini deyir:

 

“O zirvəyə çatmaq üçün insanlar nələr etmir. Mənim övladım təmiz adla çıxdı o zirvəyə, içinin təmizliyi ilə çoxlarına örnək olub getdi. Balaca qızım deyir ki, ana,  mən şəhid şeirini danışanda üzülürdüm. Ancaq indi mən qürurla deyəcəyəm ki, mən şəhid bacısıyam”.

 

Bacısı Məryəm deyir ki, telefonla danışarkən qardaşı hər zaman ona dərslərinə diqqət etməyi tapşırırmış:  

 

“Məktəbdə idim, əvvəl dedilər ki, ayağından yaralanıb. Evə gələnə qədər dua etdim ki, yaxşı olsun. Gələndə bildim ki, şəhid olub. Çox ağladım. Amma bir təsəllimiz odur ki, şəhid olub. Əgər bu yaşda qismətində ölüm var idisə, əcəl onu ən gözəl ölümlə aldı”.

 

Zöhrabın müəllimləri ailəyə baş sağlığı üçün gəlmişdilər. Zöhrabın vaxtı ilə 71 saylı orta məktəbdə təhsil alıb. Bu məktəb başqa bir şəhidin, Elxan Misirxanovun adını daşıyır. Zöhrab bu məktəbin məzunları arasında sayca 8-ci şəhiddir. Məktəbin direktoru Zöhrabın çox tərbiyəli oğlan olduğunu deyir: “Zöhrab bizim məktəbə ikinci sinifdən gəlib, ağıllı, böyük-kiçik yerinə bilən idi”.

 

Şəhid Zöhrab Mustafazadəyə dərs demiş müəlliməsi Azəri Şəmsiyyə onu hörmətlə xatırlayır: “Onu 9-cu sinifdən məktəbdən çıxaranda təkid etdik ki, yaxşı oxuyur, çıxartmayın. Amma ailəsi dedi ki, sənətlə məşğul olmaq, ailəyə kömək etmək istəyir. Amma gəlib müəllimləri, sinif yoldaşları ilə tez-tez görüşürdü”.

 

Zöhrab Məhəmmədi kənd qəbiristanlığında dəfn olunub. Məzarına üç rəngli bayraq keşik çəkir. Allah rəhmət eləsin.

 

 

 

Müəllif | Apa.Tv