Əliağa Vahidin vəfatından 50 il ötür - ANIM

Bu gün taleyi də, yaradıcılığı da özünəməxsusluğu ilə seçilən Əliağa Vahiddən söhbət açacağıq.

 

Məqsədli şəkildə təbliğ olunan “bəxtli” şairlərin siyahısına daxil olmasa da, hamıdan çox tanındı, sevildi. Xanəndələrin dilindən düşmədi. Xırda istisnaları nəzərə almasaq, klassik dillə həyatdan, insanlardan, gördüklərindən yazdı. Hətta sovet hökumətini mədh etməyə də vaxt tapdı. Forma axtarışına cəhd eləmədi. Heç bunu lazım da bilmədi. Bütün yazdıqlarını həmişə ovxarlı olan təbinin ixtiyarına buraxdı. Və Məhəmməd Füzulidən üzü bəri uzun yol gələn qəzəl janrını sadə oxucu üçün anlaşılmaz olan ərəb və fars sözlərindən arındıraraq türkləşdirən şair kimi adını tarixə yazdı.

 

Ey könül, var bu ziyafәtdә şәrafәt bu gecә,

Bir gözәl növrәs üçündur bu ziyafәt bu gecә.

 

Xәlqimiz qüsseyi-qәmdәn uzaq olsun, yarәb,

Bu sәfa mәclisinә yetmәsin afәt bu gecә.

 

Toplaşıb bir yerә dost-aşna, hamı xatiri şad,

Gül, danış sübhә kimi, eylә zәrafәt bu gecә.

 

Bu gün XX əsr Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən birinin - Əliağa Məmmədqulu oğlu İsgəndərovun ölümündən 50 il keçir. Bu, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülən məşhur qəzəlxanımızın - Əliağa Vahidin əsl ad-soyadıdır.

 

1895-ci ildə fevralın 18-də Masazır qəsəbəsində doğulub, 1965-ci il oktyabrın 1-də Bakıda 70 yaşında vəfat edib. Bütün ömrü tənələrlə keçmişdi Əliağa Vahidin. Üzünə deməsələr də, onun istedadına heyfi gələnlər, hətta bu talanta həsəd aparanlar da vardı. O, vərdiş edilməyən orijinal insan və şair tipi idi. Sovet dövrünün panamalı söz adamlarından çox fərqlənirdi: ütüsüz, qalstuksuz geyim-kecimdə, daim xalqın içində.

 

İyirmi beş yaşı olanda Bakıda fəaliyyət göstərən Tənqid-Təbliğ Teatrına gəlir, tez-tez buradakı tamaşaları izləyir. Mirzağa Əliyev, Hacağa Abbasov kimi aktyorlarla dostluq edir. Dövrünün nöqsanlarına, haqsızlıqlarına etiraz edən şair öz şeirlərində bu kimi halları sərt tənqid edir, mövhumatı ifşa etməyə çalışırdı.

 

Deyirlər ki, biz klassiklərə, tarixi şəxsiyyətlərə qiymət verərkən hər dəfə eyni səhvləri təkrarlayırıq. Onlara yaşadıqları dövrün kontekstindən kənarda, bu günün ölçüləriylə yanaşırıq. Bu da həmişə olduğu kimi, səhv qənaətlərə gətirib çıxarır.

 

Bu il anadan olmasının 120 ili tamam olan Əliağa Vahidi bəsit yazmaqda günahlandıranlar unudur ki, o, çox kasıb bir ailədə böyüdüyündən, heç təhsilini də başa vura bilməyib. Firavan, qayğısız uşaqlığı olmayıb onun. Şair uzun müddət normal şəraitdə yaşamadığından, məcbur olub Mircəfər Bağırova şeir yazır.

 

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

 

misraları ilə başlayan şeirdən sonra Sovet Azərbaycanının rəhbəri Vahidi yanına çağırtdırır və 1951-ci ildə ona ikiotaqlı mənzil verir.

 

Əliağa Vahid həddən artıq siqaret çəkirmiş. Deyilənə görə, bəzən bir gündə 4-5 qutu siqaret şairə çatmazmış. Dostlarından biri soruşur ki, şair, niyə bu qədər siqaret çəkirsən? Şairin hazırcavablığı burada da özünü yubatmır. Deyir ki, adamın sağlam ölməyə heyfi gəlir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı