Şəmkirdə mal-qara oğurlayan dəstə tutuldu

Şəmkirdə bir neçə dəfə mal-qara oğurluğu edən dəstə saxlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elxan Qurbanova məxsus fərdi təsərrüfatdan 2 baş iri buynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən Naxçıvan sakini, 29 yaşlı Məhərrəm Həsənov və Daşkəsən rayon sakini, 27 yaşlı Coşqun Mikayılov saxlanılıb.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, bu, saxlanılan şəxslərin törətdiyi yeganə oğurluq hadisəsi deyil. Onlar bundan əvvəl də, yəni iyunun 18-də Göygöl sakini Şahin Rzayevlə əlbir olaraq rayonun Daşkəsənlə həmsərhəd Çaykənd kəndindəki fərdi təsərrüfatdan 4 baş iribuynuzlu mal-qara oğurlayıblar.

 

Şəmkir Rayon Polis Şöbəsinin baş müstəntiqi Pakizə Quliyeva: “Müəyyən edilib ki, 3 şəxs Daşkəsən rayonundan Şəmkir çayını keçib, Şəmkir rayonuna daxil olublar. Burada vətəndaş Mahmud Qasımova məxsus fermadan 4 baş iribuynuzlu mal-qara oğurlayaraq birgə mal bazarında satıblar”.

 

Saxlanılan şəxslər əməllərini etiraf ediblər. İlkin ifadə zamanı bildiriblər ki, məqsədləri bu yolla gəlir əldə etmək olub.

 

Məhərrəm Həsənov: “Biz Könüllü kəndinə getdik. Ordan 2 baş mal-qara oğurlayıb aparanda polis yolda bizi saxladı”.

 

Coşqun Mikayılov: “Daşkəsən rayonu ərazisindən Şəmkirə keçdik. Ordan çətinliklə də olsa, 4 bas mal-qaranı Bərdəyə apardıq. Əldə etdiyimiz pulu öz aramızda böldük”.

 

Şahin Rzayev: “4 bas mal-qaranı oğurladıq, hər birini 450 manata satdıq. Maşın pulunu çıxandan sonra hərəmizə 320 manat pul düsdü”.

 

Şəmkir polisi dəstənin başqa oğurluq hadisələri törədə biləcəyini də istisna etmir. Bununla bağlı araşdırmalar davam edir.

 

Faktlar üzrə isə cinayət işi açılıb, araşdırma gedir.

Müəllif | Apa.Tv
Apa.tv