Daha 100 imtiyazlı şəxsə avtomobil hədiyyə edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari il ərzində növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini “Naz-LİFAN” markalı minik avtomobili ilə təmin edib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki,  indiyədək Azərbaycanda dövlət büdcəsi hesabına 5550 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. Onların 31,2 faizinə, yəni 1733 nəfərinə məhz 2014-cü il və cari ilin ötən dövründə minik avtomobili təqdim edilib.

 

Xidmət rəisi bununla son bir ayda artıq 200 nəfər müvafiq şəxsə minik avtomobili verildiyini və ilin sonunadək bu prosesin uğurla davam etdiriləcəyini diqqətə çatdırıb: "Bu gün paylayacağımız 100 ədəd avtomobili nəzərə almaqla 1733 ədəd avtomobil artıq bu kateqoriyadan olan şəxslərə verilir. Bu gün də 100 ədəd avtomobildən 54 ədədi Qarabağ müharibəsi əlillərinə, 9 ədədi Böyük Vətən müharibəsində əlil olmuş şəxslərə, 21 ədədi müharibə əlililərinə bərabər tutulanlara, 15 ədədi Çernobıl Atom Elektrik Stansiyasının qəza nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərə, 1 ədədi isə 20 Yanvar hadisələri  zamanı əlil olmuş şəxsə təqdim olunacaq. ƏƏSMN büdcəsində nəzərdə tutulan vəsait çərçivəsində ilin sonuna qədər hər iki həftədən bir 100 ədəd avtomobil paylayacaq. Bu gün 200-cü avtomobil veriləcək.  Ondan sonra 2 dəfə hər dəfə 100 ədəd olmaqla avtomobillər paylanılacaq. Növbəti ildə də təsdiq olunan büdcədə müvafiq vəsait nəzərdə tutulur, həmin vəsait çərçivəsində də bu proses növbəti illərdə də  davam etdiriləcək".

 

Daha sonra avtomobillərin açarları imtiyazlı şəxslərə təqdim edilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova