Aydın Əliyev Türkiyənin gömrük və ticarət naziri ilə görüşdü
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşüb.
APA TV-nin məlumatına görə, görüşdən öncə türkiyəli nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra Türk Şəhidliyi abidəsi ziyarət olunub.
Daha sonra Azərbaycan və Türkiyənin gömrük nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasındakı mövcud gömrük və ticarət əlaqələrinin mövcud durumu və perspektivlər kimi məsələlər müzakirə olunub.
Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsində azalma müşahidə edilib. Bu da əsasən neft məhsullarının, neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır: "Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Buna görə, ümid edirik ki, gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsi getdikcə artacaq".
Dövlət Gömrük Komitəsinin sədri qeyd edib ki, türkiyəli nazirlə görüşdə idxal-ixrac əməliyyatları zamanı bəzi məhsulların rüsumdan azad edilməsi ilə bağlı təkliflər irəli sürülüb: "Hazırda bu sənədlər baxılmaq üzrədir. Aidiyyəti orqanlar da məsələ ilə bağlı rəyini verdikdən sonra həmin məhsulların adları açıqlanacaq".