Xidmət rəisi vətəndaşların şikayətlərini dinlədi
Sentyabrın 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Ağdaşda vətəndaşları qəbul edib. APA TV xəbər verir ki, xidmət rəisi Göyçay, Ağdaş, Yevlax, Ağsu, Ucar, Tərtər, Bərdə rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən, xidmətə işə qəbul, “Müharibə veteranı” adı və müvafiq vəsiqənin verilməsi, övladlarının hərbi xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xidmətdə olanların xəstə uşaqlarının və ailə üzvlərinin müalicəsi, habelə sosial yardımın alınmasına kömək göstərilməsi, orta məktəblərin təlim silahları ilə təmin edilməsi və digər məsələlərlə bağlı olub. Qəbulda 40-a yaxın sakin iştirak edib. Xidmət rəisi Arzu Rəhimov vətəndaşları diqqətlə dinləyib, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlərini verib. Eyni zamanda, vətəndaşların xidmətin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb.