Əli Həsənov: “Heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir”
“Jurnalistlər seçkinin bütün mərhələlərində prosesi izləmək hüququna malikdir. Mətbuatın vəzifəsi ilk növbədə ondan ibrətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin. Bura namizədlərin təşviqat aparması, seçicilərin seçkidə iştirakı və səslərin sənədləşdirilməsi sahəsində vəziyyətin dəyərləndirilməsi daxildir”.
APA TV-nin məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O bildirib ki, mətbuat seçicilərin seçkilərə marağını, siyasi qüvvələrin, maraqlı tərəflərin seçkiyə münasibətini diqqət mərkəzində saxlamalıdır: “KİV-in fəaliyyətinin təməlində KİV haqqında qanunvericilik, Seçki Məcəlləsi və dövlətin ümumi plüralistik siyasəti dayanmalıdır. Biz hakimiyyət olaraq mətbuatdan nə gözləyirik? Mətbuatı Azərbaycanın daxili və xarici imicinin formalaşmasında resurs kimi görürük. Biz daxildə mətbuat vasitəsilə ümumi əhval-ruhiyyəni, iqtidara, müxalifətə münasibəti öyrənirik və buna uyğun olaraq daxili, xarici siyasəti müəyyənləşdiririk. Opponentlərimizin rəylərini və nəyə əsaslanaraq ictimai dayaq qazandığını öyrənirik. Mətbuat ictimaiyyətin güzgüsüdür".
Əli Həsənov qeyd edib ki, elektron KİV-in fəaliyyəti də ümumi KİV kontekstində dəyərləndirilir: “Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-in rolu böyükdür. Mediaya dövlət büdcəsindən müəyyən qrantlar ayrılır, jurnalistlər üçün müsabiqə keçirilir. Amma heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir, prinsiplərini müəyyənləşdirir. Biz dövlət olaraq KİV-in resursunu dəyərləndirərək səmərəli tərəfdaşlıq qurmağa çalışırıq. Biz istəyirik ki, KİV-in də iştirakı ilə dövlətin, xalqın maraqlarını dünyada qoruyaq. KİV-in fəaliyyəti bu baxımdan bizim üçün əhəmiyyətlidir”.
Əli Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti seçki prosesində müşahidə olunan çatışmazlıqların konstruktiv şəkildə aradan qaldırılması üçün də KİV-lə konstruktiv əməkdaşlığı zəruri hesab edir.