Sabirabadda Ahıska türkləri üçün uşaq bağçası açıldı
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan hökumətinin birgə maliyyə vəsaiti ilə Sabirabadın Ahıska kəndində 50 yerlik uşaq bağçasının açılışı olub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 2312 nəfər əhalisi olan Ahıska kəndində fəaliyyət göstərən uşaq bağçası 1963-cü ildən fəaliyyət göstərir. Yararsız vəziyyətdə olan uşaq bağçası kənd icması, Azərbaycan hökuməti və USAİD-in birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib.
Açılış mərasimində ABŞ səfirinin müavini Derek Hoqan çıxış edərək deyib ki, uşaq bağçasının təmiri yerli icmaların sosial və iqtisadi ehtiyaclarını qarşılamaqla ABŞ və Azərbaycan hökuməti və xalqlarının əməkdaşlığının bariz nümunəsidir.
Digər çıxış edənlər görülən işlərə görə minnətdarlıqlarını bildirib. Səfirlik tərəfindən uşaqlara hədiyyə və çantalar verilib.
Daha sonra səfir müavini Sabirabad Regional "ASAN Xidmət" Mərkəzinin fəaliyyəti ilə tanış olub.