Əli Həsənov: "İnternetə müdaxilə heç kimə müyəssər olmayıb və biz də belə fikirdə deyilik"
Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda seminar keçirilib.
APA TV-nin məlumatına görə, seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, KİV rəhbərləri, MSK üzvləri iştirak ediblər.
Seminarda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, bu, Əli Həsənovun təşəbbüsü ilə belə formatda keçirilən ilk tədbirdir. MSK sədri bildirib ki, mətbuatla həmişə açıq işləməyə çalışıblar: “Biz həm yerli, həm də beynəlxalq mətbuat orqanlarının tədbirlərimizdə yaxından iştirak etməsini istəyirik. İstəyirik ki, seçkilərdə Azərbaycan xalqının iradəsinin ortada olması ilə bağlı heç bir şübhə yeri qalmasın”.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda azad, plüralist cəmiyyət quruculuğu və bu prosesdə mətbuatın rolu barədə danışıb. Əli Həsənov seçkini izləmək istəyən xarici KİV-ə akkreditasiyadan keçməyi tövsiyə edib: “Hər bir jurnalist vəsiqəsini göstərməklə seçkini izləyə bilər. Amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-ə aid deyil, Xarici KİV Xarici İşlər Nazirliyində akkreditasiyadan keçəndən və MSK-ya məlumat verərək müvafiq sənəd alandan sonra seçkini izləmək hüququ əldə edir”.
Sosial şəbəkələrdə namizədlərin qanunsuz təbliğ olunmasına toxunan Məzahir Pənahov KİV rəhbərlərini sosial şəbəkələrlə bağlı fikir bildirməyə çağırıb.
“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı Azərbaycanda ilk dəfədir ki, namizədlərin seçki təşviqatında sosial şəbəkələrdən geniş istifadə etdiyini söyləyib. Sosial şəbəkələrin monitorinqinin aparılmasının çox çətin olduğunu vurğulayan Vüsalə Mahirqızı sosial şəbəkələrdə saxta səhifələr yaradıldığını, eyni zamanda belə səhifələrin həm ölkə daxilində, həm də ölkə xaricində yaradılmasının mümkün olduğunu nəzərə çatdırıb. O, sosial şəbəkələrə müdaxilənin və onların idarə edilməsinin faktiki mümkünsüz olduğunu bəyan edib.
MSK sədri isə qeyd edib ki, sosial şəbəkələr barədə fikir səsləndirməkdə məqsədi ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir.
"İnternetə müdaxilə heç kimə müyəssər olmayıb, biz də belə fikirdə deyilik" deyən prezidentin köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycanda sosial şəbəkələrdə yaradılan bloqlar hələ KİV statusu almayıb: “Bəzən yazırlar ki, blogger fəaliyyəti ilə məşğul olan jurnalist həbs olunub. Sabah hər bloq yaradan ortaya çıxacaq ki, mən jurnalistəm. Mətbuat Şurasını biz niyə yaratmışıq? Çünki Azərbaycanda jurnalistləri tanıyan orqan Mətbuat Şurasıdır. Sosial şəbəkəni idarə etmək şəbəkəni yaradanlara da müyəssər olmayıb. İnternetə müdaxilə heç kimə müyəssər olmayıb və biz də belə fikirdə deyilik”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli televiziyalarda namizədlərin təşviqatının şoulara çevrilməsinin arzuolunmaz olduğunu söyləyib.
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bildirib ki, Mətbuat Şurası fəaliyyətində KİV-in seçkiləri qərəzsiz, ədalətli işıqlandırmasına xüsusi önəm verir.
Daha sonra seminar MSK üzvlərinin mövzu ilə bağlı məruzələri ilə davam edib.