Koreyanın Azərbaycandakı səfiri Ağdama gedib
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn Ağdama səfər edib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, səfir öncə Ağdam Rayon İcra Hakimiyyəti başçısının I müavini Zülfü Qasımovla görüşüb.
Səfirə cəbhə zonasında yaşayan əhalinin ermənilər tərəfindən tez-tez atəşə tutulması barədə məlumat verilib. Koreyalı diplomat Ağdamın sosial-iqtisadi inkişafı ilə maraqlanıb.
Səfir həmçinin ağdamlı məcburi köçkünlərin məskunlaşdığı “Dörd Yol-1” qəsəbəsində olub, şəhid Tural Əhmədovun ailəsinə baş çəkib. Çoi Suk İn Tural Əhmədovun anası Kifayət Əhmədovaya hədiyyə təqdim edib.
Sonra diplomat Ağdam Dövlət Dram Teatrında koreyalı rejissor Sonq Si-Heubun ekranlaşdırdığı “Nizamlı adam” komediya filminin nümayişində iştirak edib.
Qeyd edək ki, diplomat sabah Ağdamın təhsil müəssisələrinə baş çəkəcək.