Cibgir: “133 və 165 nömrəli avtobuslarda “işləyirdim”...
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234.1 (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə məhkum olunan 1986-cı il təvəllüdlü Nəzərov Ramal Şahmar oğlu müəyyən olunaraq tutulub.
Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən içərisində 46 manat və sənədləri olan pul kisəsini gizli yolla talayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt avtobusunda eyni üsulla adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manat oğurlamaqla əməllərini davam etdirib.
Saxlanılan şəxs əməllərini etiraf edib: "15 gün ərzində 133 və 165 nömrəli avtobuslarda cibgirlik yolu ilə oğurluq etmişəm. Birində 46 manat, ikincidə 24 manat pul çıxıb. Sonuncu dəfə yenə cibgirlik üçün gəlmişdim. Amma, polis əməkdaşları tutdular".
Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. Ramal Nəzərovu tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan və ya onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.