Rəsulzadə qəsəbəsində oğurluq: "MilliÖn" aparatının xəzinəsi aparıldı
Binəqədi rayonunda vətəndaşa məxsus mağazadan oğurluq hadisəsi baş verib. Hadisə rayonun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Səhər saatlarında işə gələn mağaza sahibi içərinin dağınıq olduğunu görüb. Mağazanın qarət olunduğunu anlayan Nicat Ağayev dərhal polis idarəsinə məlumat verib. Mağaza sahibinin sözlərinə görə, kassadan 1500 manat pul, xeyli sayda siqaret, eləcə də, mağazada quraşdırılmış "MilliÖn" elektron ödəniş aparatının xəzinəsi aparılıb.
"Bizim burada heç kimlə problemimiz olmayıb. Günün ən ağır vaxtlarında özüm mağazada oluram. İşçilərə gəlincə, onların da kiminləsə probleminin olmaması üçün şəxsən nəzarət edirəm".
Oğurluğa gələn naməlum şəxs və ya şəxslərin mağazaya saat 04.00 radələrində daxil olduğu ehtimal edilir. Bunu deməyə qarət olunan "MilliÖn" elektron ödəniş aparatında göstərilən ən son vaxt əsas verir. Ərazidə "Təhlükəsiz şəhər" kameraları olsa da, oğurluq anına aid heç bir görüntü yoxdur. Çünki, kameralar işləmir.
Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları mağazada araşdırma aparıblar. Artıq 1 nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.