OPEC prezidenti həbs olundu - DÜNYA ŞOKDA
Nigeriyanın keçmiş neft naziri, hazırda OPEC prezidenti vəzifəsini tutan Diezani Allison-Madueke Londonda saxlanılıb. APA TV-nin xəbərinə görə, bu barədə Reuters agentliyinə Nigeriya prezidentinə yaxın mənbələr məlumat verib.
OPEC prezidentinin nədə ittiham olunduğu hələlik məlum deyil. Nigeriya mətbuatı Allison-Maduekenin rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanıldığını bildirib.
Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi OPEC prezidentinin saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib. Agentlik Diezani Allison-Madueke barədə yayılan məlumatları nə təsdiq, nə də ki təkzib edib.
Agentlik rəsmisi bildirib ki, saxlanılan şəxslərin adlarını açıqlaya bilməz.
Britaniya KİV-ləri OPEC prezidentinin Nigeriyaya ekstradisiya olunmasını istisna etmirlər. Ölkənin hazırkı prezidenti Məhəmməd Buhari ölkənin neft sənayesində korrupsiyanın kökünü kəsmək niyyətində olduğunu bəyan etmişdi.
Qeyd edək ki, OPEC prezidenti vəzifəsinə seçilməmişdən əvvəl Diezani Allison-Madueke keçmiş prezident Qudlak Conatanın administrasiyasında Nigeriyanın neft resursları naziri vəzifəsində çalışıb. 2014-cü il in noyabrından 2015-ci ilin may ayınadək eyni zamanda nazir və OPEC prezidenti postunu tutub. Məhəmməd Buhari hakimiyyətə gələndən sonra isə Diezani Allison-Madueke nazir vəzifəsindən istefa verib.