Xaçmazda maşın iki avtomobili və iki piyadanı vurdu
Ötən gecə Xaçmazda iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. İdarəetməni itirən sürücü piyadalardan başqa iki avtomobilə də çırpılıb.
Qəza Gəndob-Yalama yolunun 40-cı km-də, rayonun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz şəhər sakini Etibar Məcidovun idarə etdiyi “Ford Mandeo”, 90 GG 609 dövlət nömrə nişanlı avtomaşınla Yalama istiqamətində hərəkətdə olarkən 38 yaşlı Xaçmaz rayonu, Qusarçay kənd sakini Şirəli Cəbrayılovu vurub. Bundan sonra yolun kənarında dayanan 60 yaşlı Qeybulla Laçınova məxsus hərəkətsiz olan “44 BJ 479” dövlət nömrə nişanlı “Vaz 2106” markalı avtomaşınla toqquşub. Toqquşmadan sonra yolun kənarında dayan digər piyada 28 yaşlı Xaçmaz rayonu, Qusarçay kəndində yaşayan Asif Tayıbovu vurub. Daha sonra isə yolun kənarında dayanan 56 yaşlı Qusarçay kənd sakini Ələkbər Məmmədova məxsus “Qaz 33022” markalı avtomaşına çırpılıb.
Qəza nəticəsində xəsarət alan piyadalar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.