Bakıda “Oxford Junior İllüstrasiyalı Lüğət”in təqdimat mərasimi keçirilib

Bakıda “Oxford Junior İllüstrasiyalı Lüğət”in təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə, “Şərq-Qərb” nəşriyyatında çap edilən lüğət 7-12 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Lüğət Oksford Uşaq Külliyyatından istifadə olunaraq yaradılıb. Dərs vəsaiti Roald Dal, Filipp Pulman, Rouling və Jaklin Uilson kimi uşaq yazıçılarının əsərlərində götürülmüş nümunələrlə zəngindir.

 

Tədbirdə çıxış edən nəşrin direktoru Rasim Müzəffərli bildirib ki, bu nəşr Azərbaycanda ilkdir.

 

“Hesab edirəm ki, Oxford kimi mötəbər nəşriyyatın məhsullarının tərcümə olunması istiqamətində Azərbaycanda görülmüş ilk iş olsa da, yəqin ki, bu, uzun yolun başlanğıcıdır. Hesab edirəm ki, bu kitabı istər məktəblərdə, istər məktəbdən kənar istifadə etmək mümkün olacaq. Ümumiyyətlə, ingilis dilini bizə ən yaxşı ingilis öyrədə bilər. “Oxford” 200 ildən artıq təcrübəsi olan müəssisəsidir. Ona görə də ingilis dilinin tədrisini “Oxford”dan öyrənməkdə yanılmamışıq”.

 

Kitab ənənəvi lüğətlərdən fərqli olaraq daha rəngli və asan anlaşılandır. Nəfis tərtibatda nəşr olunan kitabda oxucular yazı, durğu işarələri, qrammatika və sözdüzəltmə ilə bağlı bələdçinin köməyindən istifadə etməklə dili araşdıra bilərlər.

 

“Oxford” kimi bir nəşriyyatla işləmək çox çətindir. Onlarla təkcə müqavilənin müzakirəsi 4 ay vaxt aldı. İntellektual mülkiyyətin alınması, eyni zamanda burada satışdan əldə olunan gəlirin köçürülməsi məsələsi var. Bu, təkcə sizin əlinizdə olan görüntülər deyil, bunun bir çox görünməyən tərəfləri var. Hesab edirəm ki, bizim ingilis dili müəllimlərimizin, ingilis dilli müəllimlərimizin, Təhsil Nazirliyinin mütəxəssislərinin, Təhsil Problemləri İnstitutunun bu kitabla tanış olub, mütəxəssis sözü deməsindən sonra ola bilsin ki, kitabın üzərində yenidən işləməyə ehtiyac olacaq”.

 

Tədbirdə çıxış edən qonaqlar kitabı maraqla qarşıladıqlarını deyiblər.

 

Mütəxəssis Əlişirin Şükürlü kitabın xüsusi önəmi olduğunu deyib: “Bu kitabın xüsusi önəmi var. Çünki bu kitabda lüğət olaraq təkcə sözlərin tərcüməsi deyil, həm də mənası təsvirlərlə verilib. Məktəb şagirdləri, dil öyrənmək istəyənlər dildən bəhrələnmək istəyən mütəxəssislər üçün də önəm daşıyır”.

 

Kitabın satışı “Ensiklopediya” Kitab Mərkəzində aparılacaq. 

Müəllif | Apa.Tv
Apa.tv