Yol kənarında quruyan ağacların yaratdığı təhlükə - SOS

Xaçmazda yolların kənarındakı quruyan ağaclar təhlükə mənbəyinə çevrilib. APA TV-nin şimal bürosunun məlumatına görə, bir neçə gün öncə bioloji ömrü başa çatan ağacın avtomobilin üzərinə aşması nəticəsinə bir nəfərin ölməsi, bir nəfərinsə xəsarət alması məsələni yenidən aktuallaşdırıb. Ümumilikdə Xaçmaz rayonundakı avtomobil yollarının kənarında aşma təhlükəsi olan 222 ağac var. Onların kəsilməsi üçün müvafiq rəy də verilib. Amma hələlik heç bir iş həyata keçirilməyib. Onların əksəriyyəti Xaçmaz-Quba və Xaçmaz-Xudat avtomobil yollarının kənarında yerləşir. Hər iki magistralda nəqliyyat vasitələrinin hərəkət sıxlığı müşahidə olunur.

Hazırda Xaçmaz rayonundakı avtomobil yollarının kənarında 489 ədəd quruyan və qismən quruyan ağac var. 5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Nəsirşah Qaflanovun verdiyi məlumata görə, 222 ağacın kəsilməsi üçün rəy verilib. Yerdə qalan 267 ağacın budanması tövsiyə olunub. Bioloji ömrü başa çatan ağaclardan  yalnız  15-20-si kəsilib, bəziləri isə elə təbiət hadisələri nəticəsində aşıb.

Şöbədən bildirilib ki, yol kənarında əsasan aşma təhlükəsi böyük olan qovaq ağacları üstünlük təşkil edir. Həmin ağaclar 50-55 il öncə əkilib.

Müəllif | Apa.Tv
Vəli Turan