Koreya səfiri Ağdamda müsabiqə qaliblərini mükafatlandırıb
Koreya Respublikasının Azərbaycandakı səfirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunda məcburi köçkün uşaqlar arasında “Sehrli nağıl” rəsm müsabiqəsi keçirib. APA TV-nin yerli bürosunun xəbərinə görə, müsabiqədə azyaşlı uşaqlar nağıllar haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər. Müsabiqənin qalibləri planşet və smartfonlarla mükafatlandırılıblar. Müsabiqənin iştirakçısı olan bütün şagirdlərə Koreya səfirliyi, Azərbaycanda fəaliyyət göstərən Koreyanın “Halla” Korporasiyası tərəfindən məktəbli çantaları və dəftərxana ləvazimatları hədiyyə olunub.
Şagirdlərin nağıl əfsanələrini öz təxəyyülləri ilə canlandırmaları olduqca maraqlı olub. Müsabiqənin yekununda 1 və 3-cü yeri tutan məktəblilər mükafatlandırılıb. 2 və 3-cü yeri tutanlar mobil telefon, 1-ci yerin qalibinə isə planşet hədiyyə edilib. Sonra Koreya səfiri Çoi Suk İnn müsabiqədə iştirak edən uşaqların hər birinə məktəb ləvazimatları paylayıb.