Sabirabadda 3 otaqlı ev külə döndü

Sabirabadda 3 otaqlı fərdi yaşayış evi yanıb. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Sabirabad rayonu, Kovlar kəndində 1962-ci il təvəllüdlü Şıxıyev Füzuli Ələşrəf oğluna məxsus ümumi sahəsi 120 kv. m olan 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

 

Yanğın hadisəsi ötən gecə saat 22.30-da elektrik enerjisində yaranan qısaqapanmadan baş verib. Mətbəxdə baş verən yanğın sonradan bütün evi bürüyüb. Yanğın zamanı xəsarət alan olmasa da, ailəli olan iki qardaşın ümumilikdə 5 nəfər ailə üzvünə məxsus bütün əşyalar, o cümlədən pul, qızıl-zinət əşyaları və onlara məxsus sənədlər yanaraq məhv olub.

 

Yanğının söndürülməsinə FHN-in Sabirabad Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı