Rus təyyarəsi Türkiyə sərhədini pozdu, "F-16"lar havalandı
Suriyada hərbi əməliyyat keçirən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrdən biri Türkiyənin hava məkanını pozub.
APA TV-nin “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi faktla bağlı sərt bəyanatla çıxış edib. Bəyanatda bildirilir:
“Rusiya Federasiyasına məxsus bir hərbi təyyarə Hatay bölgəsinin güneyində hava sahəmizi pozub. Bölgədə uçuş həyata keçirən iki ədəd “F-16” təyyarəmiz tərəfindən müdaxilə edilməsi nəticəsində rus təyyarəsi Türkiyə hava məkanını tərk edərək Suriyaya keçib. Hadisə ilə əlaqədar Rusiyanın Ankaradakı səfiri nazirliyimizə çağırılaraq pozuntu faktına güclü şəkildə etiraz bildirilib, bu cür hallara yol verməmək tələb edilib, əks təqdirdə, baş verə biləcək arzuedilməz bir hadisəyə görə Rusiya Federasiyasının məsuliyyət daşıyacağı onun nəzərinə çatdırılıb”.
Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrova məsələ ilə bağlı dərhal zəng edib.