Yardımlıda iki nəfər su quyusunda boğuldu - FACİƏ

Yardımlıda faciəli hadisə baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 4-də saat axşam saatlarında rayonun Köryədi kəndində qeydə alınıb.

 

Kənd sakinləri, 35 yaşlı Elvin Sultanağa oğlu Niftəliyev və 32 yaşlı Rahim Musaqulu oğlu Adışov Atəş adlı qonşularına məxsus 20 metrlik su quyusunun təmizlənməsi işi ilə məşğul olublar. Aradan bir müddət sonra quyunun dibindəki səs-səmir kəsilib. Yuxarıdan ünvanlanan çağırışlara isə aşağıdan reaksiya verən olmayıb.

 

Quyu təmizləyənlərin həyatı üçün təhlükə yarandığını hiss edən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Çağrı Xidmətinə müraciət ediblər. Qurumun Cənub Regional Mərkəzinin xilasediciləri təcili hadisə yerinə ezam olunublar. Onların səyləri ilə Elvin Niftəliyevin və Rahim Adışovun cəsədləri quyudan çıxarılaraq ailələrinə təhvil verilib.

 

İlkin versiya kimi hər iki mərhumun ölümünə səbəb olaraq quyunun dibində havanın çatışmazlığı göstərilir.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

 

Müəllif | Apa.Tv