Göyçaya sel gəldi - EVLƏR SU ALTINDA

Göyçay şəhərində və bir neçə kənddə evləri sel suları basıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən axşamdan başlayaraq bu gün səhərədək yağan və güclü küləklə müşayiət olunan leysan yağışı nəticəsində yaranan sel suları Göyçay şəhərində və kəndlərdə 15-ə yaxın evin zirzəmisinə dolub.

 

Dağlardan gələn sel suları şəhərin şimalındakı fərdi həyətyanı sahələri, həyət evlərini, tövlələri, yardımçı tikililəri, eləcə də 16 mənzillik yaşayış binasını, Qarabaqqal, Ərəbcəbirli, Qarayazı, Şahsoltanlı və Yekəxana kəndlərində dağətəyi ərazidə yerləşən evləri su basıb. Şəhərin daxilindən keçən su arxları dolub daşaraq kənardakı evlərə, əkin sahələrinə ziyan vurub, həyətləri lil qatı örtüb.

 

Şəhərin şimalındakı Arvançay çayı dolub daşaraq yaxınlıqdakı evlərin zirzəmisinə dolub, həyətlərdə və küçələrdə keçilməz lil qatı yaranıb. Sel 40-a yaxın toyuq və cücəni tələf edib, minik avtomobillərinin içinə su dolub. Sakinlərin sözlərinə görə gecə səhərədək həyətlərdən bir metr hündürlüyündə sel suları axıb. Sakinlərin geyim əşyaları, qış üçün tədarük gördüyü qida məhsulları suyun içində qalıb. Şəhərin şimalındakı 16 mənzillik yaşayış binasının sakinləri sel və lil qatına görə uşaqları evdən bayıra çıxara bilmədikləri üçün məktəbə də göndərməyiblər. Hazırda rayonda leysan yağışı davam edir.

 

Güclü külək səbəbindən bəzi yerlərdə ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, rayonunun 40-a yaxın kəndinə, eləcə də şəhərin bir çox hissəsinə gecə saatlarında enerji verilişi dayanıb. Rayon Fövqəladə Hallar Komissiyasından APA TV-nin yerli bürosuna verilən məlumata görə, hazırda rayonun kənd yaşayış məntəqələrinə elektrik enerjisi verilişinin bərpası və sakinlərə dəyən ziyanın aradan qaldırılması üçün işlər görülür.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov